CƏMİYYƏT


ÜST: Tibb müəssisələri yoluxucu xəstəliklər mənbəyinə çevrilməməlidir

Bakı, 7 may, AZƏRTAC

Tibb müəssisələri çox vaxt yoluxucu xəstəliklərin yayılması məkanına çevrilirlər. Bununla belə, tibbi yardımın göstərilməsi zamanı pasiyentlərin yoluxması problemi təkcə inkişaf etməkdə olan kasıb ölkələr üçün aktual deyil, COVID-19 pandemiyası isə bu problemi daha da kəskinləşdirib. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni məruzəsində deyilir. Onun müəllifləri qeyd edirlər ki, əllərin lazımi gigiyenası və digər səmərəli üsullara riayət olunduqda bu cür infeksiyaların 70 faizinin qarşısını almaq olar.

Bu gün yüksək gəlirli ölkələrdə təcili yardım xəstəxanalarının hər 100 pasiyentindən yeddisi, aşağı və orta gəlirli ölkələrdə isə 15 pasiyent xəstəxanada olduğu zaman tibbi yardımın göstərilməsi ilə əlaqədar ən azı bir infeksiyaya yoluxur. Orta hesabla hər on pasiyentdən biri bu cür yoluxma nəticəsində həyatını itirir.

Reanimasiyada olan insanlar və yeni doğulanlar xüsusi riskə məruz qalırlar. Məruzədə deyilir ki, xəstəxanada təxminən hər dördüncü sepsis hadisəsi və yetkin insanlar üçün reanimasiya şöbələrində daxili orqanların fəaliyyətinin pozulması ilə bütün sepsis hadisələrinin təxminən yarısı tibbi yardımın göstərilməsi ilə bağlıdır.

“COVID-19 pandemiyası vəziyyəti qiymətləndirmək və infeksiyaların yayılmasına hazırlığın və infeksiyaların profilaktikası və yoluxma nəzarəti vasitəsilə onlara cavab verməyin səviyyəsini mümkün qədər tez zamanda artırmaq, eləcə də bütün səhiyyə sistemində profilaktik proqramları möhkəmləndirmək üçün görünməmiş imkan yaradıb. İndi bizim vəzifəmiz bütün ölkələrin bunun üçün lazımi kadr, material və infrastruktur tapmasını təmin etməkdən ibarətdir”, – deyə ÜST-nin baş direktoru Tedros Qebreyesus məruzəni təqdim edərək bildirib.

ÜST dünyanın bütün ölkələrini tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyi üçün infeksiyaların profilaktikası və yoluxucu nəzarət proqramlarına investisiyaları artırmağa çağırır.

Bundan əvvəl ÜST-nin verdiyi məlumata görə, dünyanın hər dördüncü tibb müəssisəsində adekvat sanitariya-gigiyena şəraiti, o cümlədən su kəməri yoxdur. Həkimlər, tibb bacıları, xəstə baxıcıları və onların pasiyentləri əl yumaq və ya normal tualetlərdən istifadə etmək imkanına malik deyilsə, bu tibb ocaqları xəstəliklər mənbəyinə çevrilir. Dünyada xəstəxanaların üçdəbiri tullantıların çeşidlənməsi və utilizasiyası üzrə təhlükəsiz vasitələrlə təchiz edilməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.