CƏMİYYƏT
ÜST başçısı: “Sağlamlıq – əsas hüquqlardan biridir”
Bakı, 17 oktyabr, AZƏRTAC
ÜST-nin baş direktoru Berlində keçirilən 13-cü Ümumdünya səhiyyə sammitinin açılış mərasimində bəyan edib ki, “Sağlamlıq əsas insan hüququdur”. AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, Tedros Adhanom Qebreyesus dünya liderlərini səhiyyəni yeni səviyyəyə qaldırmaq üçün müvafiq qlobal arxitektura işləyib hazırlamağa çağırıb.
Tedros Adhanom Qebreyesus deyib: “Qlobal sağlamlığın yeni səviyyəyə keçidi nə deməkdir? Bu, yeni qlobal razılaşma, yeni arxitektura və yeni qlobal yanaşmadır. Çünki sağlamlıq xərc deyil, investisiyalardır; bu, sadəcə inkişafın nəticəsi deyil, həm də bir vasitədir. Sağlamlıq əsas insan hüququdur”.
Sammitin ev sahibi Almaniya kansleri Olaf Şolts inkişaf etməkdə olan ölkələrdə endemik xəstəliklərlə mübarizə üçün əlavə maliyyə vəd edib. “Almaniya hökuməti elmi marağa əsaslanan tədqiqatları fəal şəkildə dəstəkləməyə davam edəcək. Tədqiqat və İnnovasiya Paktı məhz bunun üçün yaradılıb. Biz, həmçinin 2025-ci ilə qədər tədqiqatların maliyyələşdirilməsini ÜDM-in 3,5 faizinə çatdırmaq öhdəliyimizə sadiqik”, - deyə Olaf Şolts bildirib.
Öz növbəsində, Bill və Melinda Qeyts Fondu bütün dünyada poliomielit xəstəliyinin aradan qaldırılması səylərinin dəstəklənməsinə 1,2 milyard dollar ayrıldığını elan edib.
Sammit zəngin və kasıb ölkələr arasında fərqin qarşısını almaq üçün səhiyyəyə qlobal yanaşmanın zəruriliyini göstərən iki illik COVID-19 pandemiyasından sonra keçirilir.