CƏMİYYƏT
ÜST-nin Avropa Bürosuna daxil olan ölkələrdə COVID-19 səbəbi ilə ölüm hallarının sayı iki milyonu keçib
Bakı, 13 may, AZƏRTAC
ÜST-nin Avropa Bürosuna daxil olan ölkələrdə COVID-19 səbəbi ilə ölüm hallarının sayı 2 milyonluq həddi keçib. Bu barədə AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir.
ÜST-nin press-relizində deyilir: “Biz çətin dövr yaşayırıq: ÜST-nin Avropa regionu ölkələrində COVID-19 səbəbi ilə ölüm hallarının təsdiqlənmiş sayı 2 milyonu keçib. Bu sayın sarsıdıcı olmasına baxmayaraq, bu, dünyada COVID-19 ilə birbaşa və ya dolayısı əlaqəli olan ümumi ölüm hallarının sayının yalnız cüzi bir hissəsidir”.
Qeyd etmək lazımdır ki, ÜST-nin Avropa regionuna 53 ölkə, o cümlədən Mərkəzi Asiya ölkələri daxildir. ÜST-nin məlumatına görə, bu 53 ölkədə koronavirusa 218.225.294 yoluxma halı qeydə alınıb. Onlardan iki milyondan çoxu ölümlə nəticələnib.
Hazırda Avropada yeni yoluxma hallarının sayı azalır. Son yeddi gün ərzində yoluxma miqyası 26 faiz, yeni ölüm hallarının sayı isə 24 faiz azalıb.
ÜST-nin press-relizində deyilir: “Regionda yoluxma hallarının sayının azalmasına baxmayaraq, o, hələ də çox yüksək olaraq qalır. COVID-19 bizə xatırlatmaqda davam edir ki, SARS-CoV-2, xüsusilə peyvənd olunmayan və həssas insanlara münasibətdə hələ də qatil-virus olaraq qalır”.
Məlumatda vurğulanır ki, Avropa “həm dərhal indi, həm də uzunmüddətli perspektivdə bir neçə istiqamətdə qəti addımlar atarsa, bu pandemiyanın kəskin fazasından çıxa” bilər. Bu addımlara ən həssas insanların müdafiəsi, virus və onun yayılmasına nəzarətin davam etdirilməsi, pandemiyanın istənilən formada inkişafına səhiyyə sistemlərinin hazırlığının təmin edilməsi və pandemiyanın uzunmüddətli təsirlərinə üstün gəlmək tədbirləri daxildir.