CƏMİYYƏT


ÜST: pandemiya dövründə qlobal hədsiz ölüm hallarının sayı 15 milyon olub

Bakı, 6 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son qiymətləndirmələrinə əsasən, 2020-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-nə qədər olan dövr ərzində qlobal hədsız ölüm hallarının sayı 14,9 milyon təşkil edib. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, ÜST-nin qeyd etdiyinə görə, bu məlumatlar COVID-19 pandemiyasının real nəticələrindən, eləcə də səhiyyə sisteminin təkmilləşdirilməsinə ehtiyac olduğundan xəbər verir.

Hədsiz ölüm hallarının sayı konkret yerdə və hazırkı dövr ərzində müşahidə olunan və ya hesablanan ölüm hallarının ümumi sayı və pandemiya olmadığı təqdirdə gözlənilə bilən ölüm hallarının sayı arasında fərq kimi müəyyən edilir. Ehtimal olunur ki, bu fərq COVID-19 ilə birbaşa bağlı olan ölüm hallarını, eləcə də koronavirusla dolayısı şəkildə əlaqəli olan ölüm hallarını və səhiyyə sistemləri və cəmiyyətə təsirin səbəb olduğu ölüm hallarını ehtiva edir.

Bu göstəricilər real vəziyyəti əks etdirir, çünki bir çox ölüm halları rəsmi statistikaya daxil deyil, misal üçün insana COVID-19 diaqnozu qoyulmadığı, lakin onun bu infeksiyadan həyatını itirdiyi təqdirdə.

Yeni məlumatlar insanların böhranlar dövründə zəruri tibbi xidmətləri ala bilməsi üçün bütün ölkələrin səhiyyəyə daha çox sərmayə qoymalı və məlumat toplama və emalı sistemlərini gücləndirməli olduğundan xəbər verir”, – deyə ÜST-nin baş direktoru Tedros Qebreyesus, hesabatı təqdim edərək bildirib. O vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı bu səyləri dəstəkləməyə hazırdır.

Hədsiz ölüm halları göstəricilərinə əsasən, Cənub-Şərqi Asiya, Avropa, eləcə də Cənubi və Şimali Amerika ölkələri öndədir. Əsas zərbə orta gəlirli dövlətlərin payına düşdü. Həmçinin məlumdur ki, 14,9 milyon ümumi göstəricinin 57 faizini kişilər, 43 faizini isə qadınlar təşkil edir.

Qiymətləndirmə hesabatı üzərində ÜST və BMT-nin İqtisadi və sosial məsələlər Departamenti tərəfindən yaradılmış beynəlxalq mütəxəssislər qrupu təşkilata üzv ölkələrlə əməkdaşlıq çərçivəsində işləyib. Bu prosesin iştirakçıları hətta təfərrüatlı statistikanın olmadığı təqdirdə də vəziyyəti qiymətləndirmək imkanı yaradan innovativ texnologiyalardan istifadə ediblər. ÜST ölkələrə gələcək işlərində bu üsullardan istifadə etməyi təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.