REGİONLAR
Ucar gəncləri rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal iştirak edirlər
Ucar, 2 fevral, AZƏRTAC
Bu gün Ucar əhalisinin 43639 nəfərini və ya 49,3 faizini, YAP rayon təşkilatının 4010 nəfərinin 1120 nəfərini gənclər təşkil edir. Onlar bölgənin sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal iştirak edir, doğma Azərbaycanın uğurlarında əllərindən gələni əsirgəmirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ucarda rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə keçirilən təntənəli yığıncaqda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoydular.
YAP rayon təşkilatının iclas zalında təşkil olunan tədbiri açan rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov gəncləri təbrik edib, əməkdə, təhsildə və idmanda onlara uğurlar arzulayıb. Bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü yeni nəslin yetişdiyini diqqətə çatdıran icra hakimiyyətinin başçısı, bunun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-gənclər siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Təntənəli yığıncaqda rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Nuru Piriyev, Ramal kənd ümumi orta məktəbin müəllimi Firəngiz Şirinova, rayon icra hakimiyyəti başçısının Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Kamran Babaşlı, Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulov, Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev və Yuxarı Şilyan kənd sakini Nazir Məmmədov çıxış ediblər. Çıxışlarda Azərbaycanda gəncliyə göstərilən dövlət qayğısının həm də gələcək uğurlara hesablanan bir siyasət olduğu, bu siyasətin sağlam və intellektual nəslin formalaşmasına xidmət etdiyi vurğulanıb.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gəncə rayon icra hakimiyyətinin fəxri fərmanı və hədiyyələr verilib. Habelə, YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.