REGİONLAR
Ucarda Ağsaqqallar Şurasının konfransı olub
Ucar, 8 iyun, AZƏRTAC
Ucarda rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda şuranın üzvləri, rayon icra hakimiyyətinin başçısı və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzində keçirilən konfransda hesabat dövründə vəfat edən ağsaqqalların və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda rayon Ağsaqqallar Şurasının yeni əsasnaməsi qəbul olunub. Mirzalı Ağamalıyev yenidən Ağsaqqallar Şurasının sədri, habelə şuranın 9 nəfərdən ibarət idarə heyəti, 3 nəfərdən ibarət təftiş komissiyası seçilib.
Mirzalı Ağamalıyev göstərilən etimada görə təşəkkürünü bildirib, təşkilatın daha uğurlu fəaliyyəti üçün lazımi səy göstərəcəyinə söyləyib.
Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək şuranın yeni tərkibinə uğurlar arzulayıb, onların rayonun ictimai-siyasi həyatında daha fəal iştirak edəcəyinə əmin olduğunu bildiriblər.