REGİONLAR
Ucarda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 26-cı ildönümü qeyd edilib
Ucar, 21 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargahında partiyanın yaranmasının 26-cı ildönümü münasibətilə təntənəli yığıncaq keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
YAP rayon təşkilatının sədri Şəhla Abdullayeva təntənəli yığıncağı açaraq qeyd edib ki, ötən əsrin əvvəllərində müstəqilliyini yenicə bərpa edən Azərbaycanda çox çətin və ağır günlərin yaşandığı bir vaxtda xilaskar kimi xalqın səsinə səs verən Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası dövlət quruculuğunda, ölkənin inkişafında bütün təşkilatçılığı, səfərbəredici missiyanı öz üzərinə götürdü və bu çətin, şərəfli vəzifəni uğurla yerinə yetirdi. Artıq o vaxtdan 26 il ötür. Yeni Azərbaycan Partiyası sınaqlardan çıxan, böyük və şərəfli yol keçən, bu gün Azərbaycan cəmiyyətində özünə layiqli yer tutan bir partiyadır.
Şəhla Abdullayeva, eləcə də çıxış edən YAP rayon təşkilatı gənclər birliyi idarə heyətinin üzvü Ülvi Qəhrəmanzadə, Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, təhsil şöbəsi ərazi təşkilatının sədri Yeganə Süleymanova və başqaları diqqətə çatdırıblar ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında, dünya birliyinə inteqrasiyasında diqqətəlayiq nəticələr qazanılıb. Bu gün Azərbaycan regionun ən qüdrətli ölkəsinə çevrilib.
Təntənəli yığıncaqda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub, bir qrup partiya üzvü YAP rayon təşkilatının fəxri fərmanı ilə təltif edilib və qiymətli hədiyyələr verilib.