REGİONLAR
Ucarda şəhidin xatirəsinə tikilən bulaq istifadəyə verilib
Ucar, 5 avqust, AZƏRTAC
Ucar rayonundan olan Vətən müharibəsi şəhidi Rəmal Gülüşovun xatirəsi ad günündə uyuduğu Qaracallı kənd qəbiristanlığında ehtiramla anılıb, kənddə adına tikilən bulağın açılışı olub. Yaşasaydı, bu gün Rəmalın 26 yaşı olacaqdı...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimə gələn rayon rəhbərliyi, kənd sakinləri, şəhidin döyüş yoldaşları, yaxınları Rəmal Gülüşovun məzarını ziyarət edib, üzərinə çiçəklər düzüblər. Çıxışlarda şəhidin şərəfli həyat tarixçəsi barədə danışılıb, Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı qələbənin tarixi əhəmiyyətindən bəhs olunub.
Sonra mərasim iştirakçıları kənddə şəhidin xatirəsinə tikilən bulağın açılışını ediblər.
Qeyd edək ki, Rəmal Şahin oğlu Gülüşov 1995-ci ildə Ucarın Qaracallı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirən Rəmal həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini uğurla başa vurduqdan sonra Bakı şəhərində inşaat sahəsində çalışıb. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə gedib və Tərtərin Talış kəndi istiqamətində döyüşlərə qatılıb. Sonra Suqovuşan, Ağdərə uğrundakı haqq savaşında igidliklə vuruşub, düşmənin neçə-neçə canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Təəssüf ki, Ağdərə Rəmalın son döyüş yeri olub. Oktyabrın 10-da düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra Rəmal Gülüşov Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.