REGİONLAR
Ucqar dağ rayonu olan Lerikin kəndində 60 yerlik bağça tikilib VİDEO
Lerik, 10 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Regionlarda müasirtipli uşaq bağçalarının tikintisi azyaşlı körpələrin sağlam mühitdə böyüməsi və gözəl şəraitdə təlim-tərbiyə almalarına şərait yaradır. Sevindirici haldır ki, bu tikinti işləri ölkəmizin ən ucqar yerlərində də həyata keçirilir. Buna ucqar dağ rayonu olan Leriki misal gətirə bilərik.
AZƏRTAC xəbər verir ki, Lerik rayonunun Piran kəndində fəaliyyət göstərən 40 yerlik körpələr evi-uşaq bağçası artıq istismar müddətini başa vurmuşdu. Payız-qış fəslində azyaşlı körpələrin tədris müəssisəsinə gəlmələrində çətinlik yaranırdı. Kənddə yeni tikilən 60 yerlik körpələr evi-uşaq bağçasında günün tələblərinə uyğun bütün zəruri işlər keyfiyyətlə görülüb, bağça müasir inventar və avadanlıqlarla təchiz olunub. Binada siqnalizasiya sistemi qurulub, daxili və xarici 24 saat təhlükəsizlik kameraları ilə müşahidə edilir. Həmçinin azyaşlılar üçün idman və musiqi zalları, yeməkxana, həkim otağı tam hazır vəziyyətə gətirilib. Bundan başqa, bağçanın həyətində xüsusi istirahət guşələri yaradılacaq, müasir uşaq əyləncə qurğuları quraşdırılacaq.
Kənd sakini Firuzə Sürətova da kənddə uşaq bağçasının uzun illərdir köhnə və yararsız vəziyyətdə olmasından danışaraq deyib: “Uşaqlarımız çox əziyyət çəkirdi. Qış fəslində otaqlar soyuq olardı, uşaqlara çətin idi, tez-tez xəstələnirdilər. Tərbiyəçilər də əziyyətlə çalışırdılar. Qısa müddət ərzində yeni və müasir bağça tikildi. Kənd sakinləri, valideynlər çox sevinclidir. Bunun üçün dövlətimizə təşəkkür edirik”.
Lerik Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Rizvan Əsədov isə bildirib ki, yeni bağçada balacalar üçün lazımi şərait yaradılacaq: “Kənd ziyalıları bu yeni yaraşıqlı bağçanın ərsəyə gəlməsində Fonda təşəkkürlərini bildirirlər. Ucqar dağ rayonunda belə gözəl bağçanın tikilməsi doğrunda da dövlətimizin qüdrətini, balacaların təlim-tərbiyəsinə verdiyi böyük önəmi göstərir”.