DÜNYA


Uhanda yenidən karantin elan olunub

Pekin, 27 iyul, AZƏRTAC

COVID-19 virusuna insanlar arasında ilk yoluxmaların aşkarlandığı Çinin Hubey vilayətinin paytaxtı Uhan şəhərində yenidən karantin elan olunub.

AZƏRTAC “Global Times” qəzetinə istinadla xəbər verir ki, Uhanın Ciansia rayonunda COVID-19 virusuna 4 yoluxmanın aşkarlanmasından sonra şəhər hökuməti rayon ərazisində epidemik mübarizə tədbirlərini üç gün müddətinə gücləndirmək barədə qərar qəbul edib. Bu, Uhanda il ərzində epidemiya ilə sərt mübarizə tədbirlərinin ilk tətbiqidir.

Xəstəlik simptomları olmayan yoluxan şəxslər xəstəxanaya yerləşdirilib. Səhiyyə qurumları həmin adamlarla təmasda olanların aşkarlanaraq müayinə edilməsi üçün təcili tədbirlərə, o cümlədən yoluxma zəncirinin başlanğıcının tapılmasından ötrü tibbi təhqiqata və kütləvi test prosesinə başlayıb. Aşağı, orta və yüksək riskli zonalara bölünən Ciansia rayonundakı sərt karantin rejimi epidemik vəziyyətdən asılı olaraq dəyişəcək. Hazırda riskli zonalardakı binalara giriş-çıxış bağlıdır. Sakinlərə ərzaq və gündəlik tələbat mallarını evlər idarəsinin əməkdaşları çatdırır. Rayon ərazisində ictimai nəqliyyatın hərəkəti, kafe və restoranlarda yerində xidmətlərin göstərilməsi dayandırılıb. Şəhər sakinlərinə Ciansia rayonuna keçməmək tövsiyə olunub. Bundan başqa, kütləvi toplaşmalar, əyləncə və istirahət mərkəzlərinin, turizm obyektlərinin fəaliyyəti qadağan edilib.

Qeyd edək ki, təxminən 11 milyon əhalisi olan Uhan 2020-ci ilin əvvəlindəki COVID-19 böhranı dövründə 76 günlük sərt qapanma dövrü yaşayıb. Bu, dünyada bir şəhər üçün ən uzun müddət sərt qapanma kimi tarixə düşüb.

Cari il martın əvvəlindən etibarən paytaxt Pekin də daxil olmaqla, Çinin bir neçə yaşayış məntəqələrində virusa yoluxma hallarının artması fonunda sərt qapanma rejimi, Çinin işgüzar mərkəzi Şanxayda isə 2 ay müddətinə tam qapanma tətbiq olunub.

Karantin qaydalarını maksimum dərəcədə yumşaldan bir çox ölkədən fərqli olaraq, Çin daha az hospitalizasiyaya səbəb olan “omikron” dalğasında da “Sıfır COVID” və ya “Virussuz həyat” prinsipinə sadiq qalır. “Sıfır COVID” strategiyası yoluxmalar aşkarlanan yaşayış məntəqələrində lokal qapanmaların tətbiqi və kütləvi test prosesinin icrası ilə yoluxma zəncirini erkən dayandırmağı, bununla da virusun ölkəyə yayılmasının qarşısını ilkin mərhələdə almağı əhatə edir. Hökumət iqtisadiyyata mənfi təsirinə baxmayaraq, bu strategiyasının ölkə üçün daha uyğun olduğunu düşünür.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.