SİYASƏT
Ukrayna Ali Radasının deputatı: 20 Yanvar adi təqvim günü deyil
Kiyev, 19 yanvar, AZƏRTAC
20 Yanvar adi təqvim günü deyil. Ola bilər ki, dünyanın əksər millətləri üçün bu, doğrudan da belədir. Lakin azərbaycanlılar üçün və ümidvaram ki, keçmiş SSRİ-nin digər xalqları üçün bu, belə deyil.
Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Valeri Kolyux bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, 1990-cı ilin bu günü qayıtmazlıq nöqtəsi, Azərbaycan xalqının ürəyinə sağalmaz yaralar vuran gün olub.
V.Kolyux deyib: “Həmin gün kiminsə babası, kiminsə atası evə qayıtmayıb, kimsə oğlunun və ya qızının gülüşünü bir daha eşitməyib. Bu, Qarabağın müharibə alovunda şölələnməyə başladığı bir vaxtda baş verirdi.
Mən Qara Yanvar qurbanları üçün kədərlənirəm. Mən o dövrdə öz yaxınlarını itirənlərin birgə kədərlərinə şərik olduğumu bildirirəm. Mən bütün Azərbaycan xalqı ilə birgə kədərlənirəm. Lakin onu demək istəyirəm ki, bu dəhşətli insan tələfatı əbəs yerə deyildi. Təkcə Azərbaycan üçün deyil, həm də Ukrayna, Litva, Latviya üçün”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev