DÜNYA
Ukrayna Razılaşdırılmış inhisar siyasəti haqqında MDB müqaviləsindən çıxıb
Kiyev, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Ukrayna Razılaşdırılmış inhisar siyasəti haqqında Müstəqil Dövlətlər Birliyinin müqaviləsindən çıxıb.
AZƏRTAC xəbər verir ki, müvafiq sənəd dünən “Qolos Ukrainı” nəşrində dərc edilib və bu gündən qüvvəyə minib.
2000-ci il yanvarın 25-də Moskvada imzalanan Razılaşdırılmış inhisar siyasəti haqqında müqavilə Ukrayna parlamenti tərəfindən 2003-cü il yanvarın 16-da ratifikasiya edilib. Ukrayna Ali Radası ölkənin həmin müqavilədən çıxması haqqında qərarı 2020-ci il noyabrın 5-də qəbul edib.
Prezident ofisində vurğulayıblar ki, Ukraynanın bu MDB müqaviləsindən çıxması ölkənin milli iqtisadi maraqlarının xeyrinə olacaq.
Prezident ofisində deyiblər: “Həmin müqavilədə informasiya mübadiləsi mexanizmləri təsbit olunub, buna görə də MDB üzvləri tərəfindən Ukraynaya ticari-iqtisadi təzyiq göstərilməsi üçün istifadə edilə biləcək məlumatlar almaq riski mövcuddur”.
Xatırladaq ki, bu qanunun layihəsini əvvəlcə Prezident Vladimir Zelenski imzalayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev