DÜNYA
Ukrayna ordusuna təkmilləşdirilmiş Su-25 hücum təyyarəsi verilib
Kiyev, 2 iyun, AZƏRTAC
Su-25 hücum təyyarəsi “MiQremont” Zaporojye dövlət aviamotor zavodunda təkmilləşdirildikdən sonra ordunun sərəncamına göndərilib. AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyindən bildirilib.
“Ukroboronprom” Dövlət Konserninə (DK) məxsus “MiQremont” Zaporojye dövlət aviamotor zavodu Ukrayna Hərbi Hava Qüvvələrinin texniki aviasiya briqadasına təkmilləşdirilmiş Su-25 hücum təyyarəsi verib”, - deyə məlumatda bildirilir.
Hərbi maşının təkmilləşdirilməsi dövlət müdafiə sifarişlərinə müvafiq qaydada aparılıb. Aviamüəssisənin mütəxəssisləri Su-25-i qismən təkmiləşdirməkdən əlavə, təyyarədə kompleks təmir-bərpa işləri də görüblər ki, bu da hücum təyyarəsinin 12 il müddətində təmirə ehtiyacı olmayacağına zəmanət verir.
“Təyyarənin mühəndis və təyyarəçi briqada tərəfindən yoxlanışı və sınaq uçuşu həyata keçiriləndən sonra Su-25 hava limanında yerə enib”, - deyə məlumatda qeyd olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev