SİYASƏT
Ukrayna portalı AZƏRTAC-ın xüsusi müxbirinin Zəfər bayramına dair məqaləsini yayıb
Bakı, 5 noyabr, AZƏRTAC
Ukraynanın “Newformat” xəbər portalında AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin 44 günlük Vətən müharibəsində Qələbəmizin ildönümünə dair məqaləsi dərc olunub.
“Cənubi Qafqazda sülh: yeni mərhələyə doğru ilk addım” sərlövhəli məqalədə qeyd olunur ki, 44 günlük Vətən müharibəsinin ildönümü bir sıra mühüm hadisələrlə yadda qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti, Anım yürüşü, xaricdə keçirilən kütləvi tədbirlər əlamətdar hadisələrdən yalnız bir neçəsidir. Prezident İlham Əliyevin xalqa müraciətində və işğaldan azad edilmiş ərazilərdə yerli sakinlərlə görüşlərində səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycanda “dəmir yumruq” fəlsəfəsi istənilən düşmənin başını əzməyə qadirdir.
Müəllif qeyd edir ki, Azərbaycan Ermənistana sülh sazişi üzərində işə başlamaqla bağlı təklifini göndərib, lakin bu təklif hələ də cavabsız qalır. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fikirlərini VIII Qlobal Bakı Forumunun açılışındakı nitqində söyləyib.
“Hazırda Azərbaycan işğaldan azad olunmuş əraziləri bərpa edir və artıq genişmiqyaslı dövlət proqramı həyata keçirilir. Real nəticələr bəllidir. Füzuli beynəlxalq hava limanı istifadəyə verilib, digər hava limanlarının təməli qoyulub, magistral yollar istifadəyə verilib, tarixi-mədəni obyektlər bərpa olunub, yeni müasir kənd və qəsəbələr salınıb.
Cənubi Qafqazda sülhün bərqərar olması regionun bütün ölkələrinin maraqlarına cavab verir. Ermənistan daha çox qazanacaq. Cənubi Qafqazda əməkdaşlığa və sabitliyə nail olmaq üçün qarşılıqlı addımlar atmaq lazımdır. Təbii ki, birtərəfli addımlar heç bir nəticə verməyəcək”, - deyə müəllif məqaləsində yazır.