CƏMİYYƏT


Ukrayna universitetlərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə mühazirələr təşkil olunub

Kiyev, 26 aprel, AZƏRTAC

Ukrayna gəncləri arasında “Heydər Əliyev liderliyi fenomeni” mövzusunda ümumukrayna esse müsabiqəsi çərçivəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə Ukrayna universitetlərində mühazirələr təşkil olunub.

AZƏRTAC xəbər verir ki, esse müsabiqəsi Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin köməyi ilə keçirilir.

Onlayn mühazirələr V.İ.Vernadski adına Tavriya Milli Universitetində (Kiyev), Qərbi Ukrayna Milli Universitetində (Ternopol) və V.N.Karazin adına Xarkov Milli Universitetində aparılıb. Mühazirələrdə Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Samir Allahverdiyev çıxış edib. O, tələbələrə Azərbaycanın inkişafında və təşəkkülündə Heydər Əliyevin rolundan, Azərbaycan xalqının Ümummilli Lideri fenomenindən, həmçinin Heydər Əliyevin Ukrayna-Azərbaycan münasibətlərinin inkişafındakı rolundan söhbət açıb. Tədbirin moderatoru qismində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk çıxış edib.

V.N.Karazin adına Xarkov Milli Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və turizm biznesi fakültəsinin dekanı Valeri Reznikovun sözlərinə görə, Azərbaycan əməkdaşlığın inkişafı üçün olduqca maraqlı və mühüm ölkədir, həmçinin tələbələr üçün perspektivli istiqamətdir.

Qərbi Ukrayna Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru İrina İvaşşuk qeyd edib ki, tələbələrdə böyük maraq oyadan esse müsabiqəsi gənclərin Azərbaycanı və Azərbaycan xalqının dəyərlərini tanıması üçün yeni imkanlar açır.

V.İ.Vernadski adına Tavriya Milli Universitetinin Slavyan filologiyası və jurnalistika kafedrasının dosenti, sosial kommunikasiyalar üzrə elmlər namizədi Anjelika Dosenko tələbələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında daha çox məlumat əldə etmək, müsabiqə işlərini yazmalarına daha əsaslı hazırlaşmaq fürsəti yaratdığına görə Samir Allahverdiyevə təşəkkürünü bildirib.

Tələbələrin mühazirələr çərçivəsində Azərbaycan səfirliyinin ikinci katibinə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsinə onları maraqlandıran sualları vermək fürsəti olub. Mühazirələrə Taras Şevçenko adına Kiyev Milli Universitetinin, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin, Boris Qrinçenko adına Kiyev Universitetinin və digər ali məktəblərin tələbələri də qoşulublar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.