SİYASƏT
Ukraynada Azərbaycan diasporunu sıx birləşdirən insan
Kiyev, 30 sentyabr, AZƏRTAC
Kiyevdə fəaliyyət göstərən “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının prezidenti, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin Ukraynada Azərbaycan diasporunun inkişafı və tərəqqisi işinə verdiyi şəxsi sanballı töhfəyə görə bu ölkədəki səfirliyimiz tərəfindən təşəkkürnaməyə layiq görülüb. Təşəkkürnamədə O.Krapivinin “Azərbaycan və Ukrayna arasında dostluq əlaqələrinin yaxşılaşdırılması, azərbaycanlı gənclərin Ukraynada vətənpərvərlik ruhunda formalaşmasında və tərbiyə edilməsində” xidmətləri də qeyd edilib.
Müvafiq sənədi O.Krapivinə Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev təqdim edib.
Bu gün – sentyabrın 30-da əslən Şamaxıdan olan, Azərbaycanın və keçmiş Sovet İttifaqının Əməkdar İdman Ustası, Azərbaycanın Əməkdar Məşqçisi, SSRİ və Avropa birinciliklərinin qalibi və mükafatçısı, veteranlar arasında sərbəst güləş üzrə Dünya çempionu, Ukraynada keçirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən yeniyetmələr və qızlar arasında sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnirin banisi və baş sponsoru Oleq Krapivin 55 yaşını qeyd edir.
Xatırladaq ki, bu günlərdə Şamaxı Olimpiya İdman Kompleksində Azərbaycan idmanının veteranı, məşhur atlet və məşqçi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə III yeniyetmələr turniri keçirilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev