CƏMİYYƏT


Ukraynada həmyerlisini öldürən azərbaycanlının cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının vətəndaşı Ağayev Davud Şahəddin oğlunun 2018-ci il iyulun 3-də Kiyev şəhərində odlu silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukraynanın istintaq qurumunda başlanmış cinayət işi 2020-ci il oktyabrın 21-də istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşı Həsənov Yasin Teymur oğlunun yaşadığı Kiyev şəhərində aralarında şəxsi münaqişə zəminində baş vermiş və uzun müddət ərzində davam etmiş mübahisə ilə əlaqədar Davud Ağayevi qəsdən öldürməklə ondan qisas almaq məqsədilə 2018-ci il iyulun 3-də tanışı Xəlilov Valeh Zaman oğlu və istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 9 mm kalibrli tapança ilə silahlanaraq Davud Ağayevin restorandan çıxması barədə məlumatı əldə etdikdən sonra həmin ünvana gəldiyinə, Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsində Davud Ağayevə yaxınlaşaraq yaxın məsafədən bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürməsinə, daha sonra isə əlbir olduğu şəxslərlə birlikdə gəldikləri avtomobillə hadisə yerindən qaçmasına dair əsaslı şübhələr müəyyən edilib.

2021-ci il oktyabrın 28-də Yasin Həsənova Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddələri ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa, Valeh Xəlilov və qrupun digər istintaqla müəyyən edilməyən üzvləri barəsində cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.