SİYASƏT


Ukraynalı ekspert: Fransızlara Korsikanın müstəqilliyini tanımaq barədə düşünməyi təklif edərdim

Kiyev, 30 noyabr, AZƏRTAC

Ukrayna birmənalı olaraq, Fransa Senatının bu cür qanunazidd hərəkətlərini pisləyir, hərçənd bu qətnamə tövsiyə xarakteri də daşıyır.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Ukrayna Politoloqlar Assosiasiyanın eksperti Rinat Kovbasyuk bildirib.

Ekspert sual edir: belə adlandırılan “Arsax”ın dırnaqarası müstəqilliyi hətta Ermənistan tərəfindən tanınmadığı halda, niyə Fransa onu tanımağa cəhd göstərir?

Rinat Kovbasyuk deyib: “Mənə elə gəlir ki, dünya alt-üst olub və hər şey nə isə həddini aşıb. Fikrimcə, yəqin ki, Fransa heç bir qondarma “Arsax”ı tanımayacaq, lakin beynəlxalq hüququ pozmaq üçün onların dəqiq siqnal vermələri bəllidir. Azərbaycana mənsub olan ərazilər üçün həyəcan keçirməzdən əvvəl, mən fransızlara Korsikanın müstəqilliyini tanımaqları barədə düşünməyi, yaxud da əgər ispanlar basklara sərbəstlik verməyə tələsmirlərsə, o halda etnik ərazini basklara verməyi təklif edərdim. Hələ bretonlar, Fransa Qvianası və Fransa Polineziyası da var. Bəlkə yerli əhali arasında “cavabsız qalan fəryadlara” qulaq asmaq vaxtıdır? Suveren Azərbaycanın beynəlxalq birlik tərəfindən rəsmi şəkildə tanınmış sərhədlərini kobud şəkildə pozmağa cəhd göstərmək əvəzinə, bəlkə özünün keçmiş müstəmləkələrini azadlığa buraxmaq zamanıdır? Əgər hər bir dövlət buna əsas olmadan digər dövlətin suveren ərazisinin bir hissəsini tanıyarsa, o halda biz haraya gedib çıxarıq və nə əldə etmiş olarıq!”.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu bu münaqişəni həll etməyə cəhd də göstərməyib və indi, böyük dövlətlərin 30 il ərzində edə bilmədiklərini Azərbaycan əsgərinin bir ay ərzində həll etdiyi bir vaxtda münaqişənin moderatorlarından biri və eyni zamanda, Minsk qrupunun həmsədri olan ölkənin birdən-birə ermənilərin tərəfini tutması qəbuledilməzdir. Axı hakim münaqişənin iştirakçısı ola bilməz, onun vəzifəsi tərəflərdən birinə kömək etmək yox, münaqişəni çözməkdir.

Ukraynalı ekspert sonda deyib: “Axı indi təkcə Bakı və Parisin münasibətləri deyil, Fransanın özünün beynəlxalq nüfuzu da təhlükə altındadır. Belə çıxır ki, fransalı diplomatlar 30 il ərzində guya bu münaqişəni həll etməyə cəhd göstərdiklərini deməklə beynəlxalq birliyi aldadıblar, lakin indi məlum oldu ki, onların yeganə variantı erməni separatçılarını tanımaqdan ibarət imiş.

Dostlar, sizə elə gəlmirmi ki, indən belə “Fransaya aid” sözü yaxşı keyfiyyət və misilsiz nüfuz simvolu olmayacaq? Axı məlumdur ki, nüfuzu uzun illər ərzində qazanmaq lazımdır, onu itirmək isə çox asandır. Beləliklə, bir daha düşünmək Fransa XİN üçün pis olmazdı!”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.