MƏDƏNİYYƏT
Ukraynalı şair: dahi Nizaminin adı bütün dünyada məşhurdur
Kiyev, 6 yanvar, AZƏRTAC
Dahi Nizaminin adı bütün dünyada məşhurdur. O, Azərbaycanın ən böyük mütəfəkkirlərindən biridir. 2021-ci ilin "Nizami ili" elan edilməsi kontekstində onun irsinin Ukraynada populyarlaşdırılması ölkələrimiz arasında mədəni, ədəbi əlaqələrin inkişafı üçün çox vacib komponent olacaqdır.
Ukraynalı şair, ictimai və mədəniyyət xadimi, tərcüməçi Lesya Mudrak bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Lesya Mudrak qeyd edib ki, Azərbaycan klassik ədəbiyyatı Azərbaycan xalqının ədəbi ənənələrinin, azərbaycanlıların mentalitetinin xüsusiyyətlərinin formalaşmasına təsir göstərən mürəkkəb və dərin fəlsəfi cərəyanları əks etdirir.
Ukraynalı şair daha sonra deyib: “Düşünürəm ki, Nizami yaradıcılığının öyrənilməsi sayəsində ukraynalılar səkkiz əsrdən çox əvvəl qədim Azərbaycan şəhəri olan Gəncədə dahi mütəfəkkirin poeziya dilində təsvir etdiyi incə, fərqli mənalarla dolu dünyanı hiss edə və tanıya biləcəklər. Bu ilin layihələrinə gəldikdə, düşünürəm ki, yaradıcı, kreativ layihələrə xüsusi diqqət yetirməyə dəyər”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev