REGİONLAR
Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olublar
Qəbələ, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən 30 nəfər ukraynalı uşaq və gənc Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar.
Qoruqdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ukraynadakı müharibədən əziyyət çəkən uşaqlar Qəbələ Arxeoloji Mərkəzinin qarşısında mehribanlıqla qarşılanıblar.
Arxeoloji Mərkəzin akt zalında keçirilən toplantıda qoruğun direktoru Zahir Kərimov ukraynalı uşaqlara Azərbaycan və Ukrayna arasındakı dostluq münasibətlərinin tarixi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası ilə Qəbələ Rayon İcra Hakimiyyəti arasında 2013-cü ildə iqtisadi və sosial-mədəni sahələrdə əməkdaşlıq haqqında protokol imzalanıb.
Sonra görüşdə iştirak edən Qəbələ şəhər 3 saylı tam orta məktəbin şagirdləri və ukraynalı uşaqlar hər iki ölkənin Dövlət himnlərini ifa ediblər. Qəbələ məktəbliləri ukraynalı şairlərin Vətənə, torpağa, xalqa həsr etdikləri şeirlərini səsləndiriblər.
Qonaqlar “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filmini, həmçinin Ukraynanın “Virsk” milli folklor rəqs ansamblının nümunəvi çıxışlarından ibarət videoçarxı izləyiblər. Qoruğun rəhbərliyi tərəfindən uşaqlara xatirə hədiyyələri təqdim olunub.
Ukraynalı uşaqlar Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olublar.
Sonda qonaqlar üçün çay süfrəsi təşkil olunub, xatirə şəkilləri çəkdirilib.
Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.