İQTİSADİYYAT


Ukraynanın regionlarında metallurgiya və aqrar sahələr üzrə Azərbaycanla işbirliyinə maraq var

Kiyev, 19 yanvar, AZƏRTAC

Ukraynanın mərkəzi regionlarında metallurgiya və aqrar sahələr üzrə Azərbaycanla işbirliyinə maraq var.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivinin rəhbərlik etdiyi diaspor nümayəndə heyətinin Kropivnitski və Kremençuk şəhərlərində keçirdiyi görüşlərdə geniş müzakirələr aparılıb. Görüşlərdə vurğulanıb ki, qarşılıqlı ticarəti təşviq etmək məqsədilə konkret addımlar atılmalıdır. İqtisadi əlaqələrdə tempin artması diasporun prioritet fəaliyyəti olacaq.

Kropivnitski şəhərində keçirilən görüşdə Oleq Krapivin bildirib ki, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın Ukrayna üzrə diaspor fəaliyyəti artıq lobbiçilik prinsiplərinə və iqtisadi əlaqələrin genişlənməsinə əsaslanacaq. Kropivnitski əkinçilik, taxılçılıq və kənd təsərrüfatı texnikasının istehsalı ilə tanınan bölgədir. Vilayətin ixrac potensialı kimi, meyvə-tərəvəz məhsullarının idxalına da tələbatı yüksəkdir.

Bu şəhərdən olan iş adamı İqor Kozub qeyd edib ki, ilk növbədə, Azərbaycan bazarının bugünkü tələbləri öyrəniləcək. “Bizdən un məmulatları, kartof və bal ixrac olunur. Digər tərəfdən, taxılın beynəlxalq bazardakı qiyməti Ukraynanın ixrac siyasətinə birbaşa təsir edir. Mütəxəssislər çeşidlər üzrə tələbat həcmini dəqiqləşdirməlidirlər. Burada Azərbaycan məhsullarına tələb yüksəkdir”, - deyə İqor Kozub əlavə edib.

Kremençuk şəhərində keçirilən görüşdə isə vurğulanıb ki, Azərbaycanın bu şəhərlə ənənəvi əlaqələri var. Buradan ölkəmizə ərzaq məhsulları, metallurgiya nümunələri, yük maşınlarının, kran və liftlərin ehtiyat hissələri, ağac emalı məhsulları idxal edilir. Azərbaycandan isə neft emalı və kənd təsərrüfatı məhsulları alınır. İmkanlar genişdir, şaxəlidir və bunları daha da artırmaq lazımdır. Bu məqsədlə imzalanmış yeni əməkdaşlıq sazişi də var.

Qeyd edək ki, səfər çərçivəsində Ukrayna Azərbaycanlıları Radasının Kropivnitski və Kremençuk şəhərlərində ofisləri açılıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.