SİYASƏT
Ukraynanın xəbər portalında AZƏRTAC-ın xüsusi müxbirinin Hərbi Qənimətlər Parkına dair məqaləsi dərc edilib
Kiyev, 23 aprel, AZƏRTAC
Ukraynanın “Asmedia” xəbər portalında AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin “Hərbi Qənimətlər Parkı - tarixin dili onunla bağlı yaradılan eksponatlar, illüziyalardır” sərlövhəli məqaləsi dərc edilib.
Müəllif məqalədə yazır ki, Azərbaycanın Vətən müharibəsində qazandığı haqlı Qələbəsini həzm edə bilməyən bəzi xarici qüvvələr hələ də min bir bəhanə ilə dövlətimizin imicini ləkələməyə cəhd göstərirlər. Belə cəhdlərdən biri də 44 günlük müharibədən Qələbə ilə çıxan dövlətin Hərbi Qənimətlər Parkının yaradılmasına qarşı aparılan çirkin kampaniyadır. Ancaq tarixən dünya praktikasında bu cür muzey və parkların yaradılması mövcuddur. Bu da təbii və məntiqlidir. Hər bir xalq öz milli qürurunu, haqlı mübarizəsini nümayiş etdirməyə, gələcək nəsillərə ötürməyə yönəlik muzey və parkların yaradılmasında haqlıdır.
Məqalədə Kiyev və Minskdə Böyük Vətən müharibəsinə dair muzeylərdə məhv edilmiş və əsir götürülmüş alman faşistlərindən yığılan dəbilqələr (kaskalar), onların illüziyaları və eksponatlarının muzeyin bəzəyi olduğu vurğulanır.
Müəllif daha sonra yazır: “Tarix canlı deyil ki, olanları gələcək nəsillərə çatdırsın. Tarixin dili onunla bağlı yaradılan eksponatlar, illüziyalardır. İndi Azərbaycan Hərbi Qənimətlər Parkını yaratmaqla hansı günah işi görüb ki, ermənilərin “konyak diplomatiyası”nın təsiri altında olan bəzi xarici qüvvələr “insan haqları” carçısı qismində səs-küy yaradırlar? Bu gün Ermənistanda və bəzi xarici qüvvələrin böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev