ELM VƏ TƏHSİL
“Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni” mövzusunda elmi-nəzəri konfrans
Bakı, 8 may, AZƏRTAC
Psixologiya Elmi-Tədqiqat İnstitutu və “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib. Konfrans Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə çıxış edən “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra respublikamızın inkişafı üçün geniş imkanlar yaradıldı. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də mühüm tədbirlər həyata keçirildi, ildən-ilə uğurlu nəticələr qazanıldı.
B.Əliyev Ümummilli Lider Heydər Əliyev irsinin, dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıb, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov Ulu Öndərin psixologiya sahəsinin də inkişafına böyük diqqət göstərdiyini deyib. O, təhsilin cəmiyyətdə mühüm rolundan bəhs edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Etik Şurasının sədri Ramiz Əliyev, professorlar Şəhla Əliyeva, Müseyib İlyasov, Fərrux Rüstəmovun məruzələri dinlənilib.
Sonra panellər və bölmə iclasları olub.