ELM VƏ TƏHSİL
Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycanda elm və təhsil sürətli tərəqqi dövrü keçib
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin həyətindəki büstü önünə əklil qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri açıq elan edən universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən və dövlətçilik fəaliyyətindən danışıb. Prorektor ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə apardığı uzaqgörən daxili və xarici siyasətinin nəticəsi olaraq ölkəmizin nüfuzunun artdığını, hərtərəfli inkişafa nail olunduğunu diqqətə çatdırıb.
Sonra AzMİU-nun ictimai fənlər kafedrasının müəllimi Zəminə Əsgərova “Heydər Əliyev - dövlətimizin siyasi və ideoloji varisi kimi” mövzusunda məruzə ilə çıxış edib. O məruzəsində bildirib ki, Ulu Öndər qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə həmişə fərqlənib, hələ sağlığında canlı əfsanəyə çevrilib. “Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycanda elm, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sürətli tərəqqi dövrü keçib. Ümummilli lider Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə məhz dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət kimi xalqımızın yaddaşına əbədi həkk olub”, - deyə Z.Əsgərova bildirib.
AzMİU-nun tələbələri Rəvan Yusubov və Məhbubə Nağızadə isə ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən danışıblar, gənc nəslin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük xidmətlərini xatırladıblar.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin şərəfli ömür yolunu özündə əks etdirən “Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub. Daha sonra tədbir iştirakçıları universitetin idman zalında Ümummilli Liderə həsr olunan sərgiyə baxış keçiriblər.