ELM VƏ TƏHSİL
Ulu Öndər milli dövlət quruculuğu istiqamətində qətiyyətli siyasi fəaliyyət göstərib
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) qafqazşünaslıq kafedrasının və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Auditoriya+” layihəsi çərçivəsində “Heydər Əliyevin dövlət strategiyası” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, professor Əsgər Zeynalov rəhbərlik etdiyi qafqazşünaslıq kafedrasının mütəmadi olaraq rəngarəng mövzularda tədbirlər təşkil etdiyini vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, xalq və dövlət qarşısındakı xidmətlərindən, fəaliyyətində başlıca yer tutan azərbaycançılıq ideologiyasından bəhs edib.
Daha sonra qafqazşünaslıq kafedrasının dosentləri Şəlalə Bağırova “Heydər Əliyev və azərbaycançılıq”, Qorxmaz Mustafayev “Siyasətdə Heydər Əliyev qətiyyəti”, həmin kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov isə “Heydər Əliyevin neft strategiyası” mövzularında çıxış ediblər. Bildirilib ki, XX əsrdə xalqımızın yetirdiyi nadir şəxsiyyətlərdən biri olan Heydər Əliyev hakimiyyətə gəldikdən sonra milli dövlət quruculuğu və milli şüurun formalaşması istiqamətində ölkəmizin maraqlarına xidmət edən qətiyyətli siyasi fəaliyyət göstərib. Vurğulanıb ki, Ulu Öndərin düzgün seçilmiş neft strategiyası Azərbaycanın böyük neft gəlirlərinə malik olmasını təmin edib.