ELM VƏ TƏHSİL
Ulu Öndərin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru Mustafa Babanlı ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzsiz tarixi xidmətlərindən danışıb. 15 iyun - Milli Qurtuluş Gününün əhəmiyyətini vurğulayan rektor bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə müdrik şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz parçalanmaq, dağılmaq təhlükəsindən xilas olub, böyük inkişaf yoluna çıxıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev bütün həyatını, fəaliyyətini Azərbaycan dövlətinin inkişafına, doğma xalqın xoşbəxtliyinə həsr edib.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film göstərilib.
Sonra Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Sahib Alıyev ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən, zəngin dövlətçilik təcrübəsindən, siyasi irsinin əhəmiyyətindən bəhs ediblər.