ELM VƏ TƏHSİL
Ulu Öndərin anadan olmasının 96 illiyi Azərbaycan Memarlıq və İnşaat Universitetində qeyd edilib
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elmi şurasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş növbədənkənar iclası keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən rektor, professor Gülçöhrə Məmmədova müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq məfkurəsinin banisi, xalqımızın və dövlətimizin xilaskarı ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb.
Gülçöhrə Məmmədova bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib, dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur. Bu gün Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə öz hörmət və ehtiramını bildirir. Dahi rəhbər Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb. Ulu Öndərin müəyyən etdiyi siyasi kursu xalqımız yekdilliklə dəstəkləyərək onun davam etdirilməsini Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi və bayraqdarı, bütün fəaliyyətini Azərbaycan dövlətinin strateji maraqlarının aliliyinə və işıqlı gələcəyinə həsr edən Prezident İlham Əliyevə etibar edib.
Universitetin Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə Ümummilli Liderin Azərbaycan təhsilinin inkişafı üçün gördüyü işlərdən, aparılan islahatlardan danışıb. Bildirib ki, ölkəyə rəhbərliyinin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən Ümummilli Lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayırdı, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.
Yeni Azərbaycan Partiyası Yasamal rayonu, 43 saylı ərazi ilk partiya təşkilatının sədri, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müdiri Asəf Ağayev ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə aparılan genişmiqyaslı islahatlardan, dahi rəhbərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafındakı xidmətlərindən bəhs edib. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın bütövlüyü uğrunda fədakarlıqla çalışıb. Ümummilli Lider siyasi fəaliyyəti dövründə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət edib.
AzMİU-nun tələbə həmkarlar ittifaqı komitəsinin sədri Bayram Aslanov qeyd edib ki, ümummilli lider Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirib. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan Ulu Öndər bütün bu proseslərdə gənclərin roluna hər zaman xüsusi fikir verib. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edib.
Sonra şura üzvləri ümummilli lider Heydər Əliyevin universitetin həyətində ucaldılan büstünün önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.