CƏMİYYƏT
Ulu Öndərin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq VİDEO
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Ümummilli Liderin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Biz böyük bir şəxsiyyətin müasiri olduğumuz üçün fəxr edirik.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ulu öndər Heydər Əliyevin xalqın tərəqqisi yolunda yorulmaz xidmətindən danışıb. Bildirib ki, Ulu Öndər Azərbaycan üçün çox böyük işlər görüb, hakimiyyətə gəldiyi andan başlayaraq ilk növbədə neft istehsalının artırılması ilə bağlı tədbirlər həyata keçirib, müxtəlif sahələrin inkişafı üçün əlindən gələni edib. Hazırda Azərbaycanın təşəbbüsü ilə qlobal layihələrin icrası Ümummilli Liderin siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir.
Tədbir müzakirələrlə davam etdirilib.