CƏMİYYƏT
Ulu Öndərin işıqlı xatirəsi ürəklərdə yaşayacaq
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında xidmətləri misilsizdir. Heydər Əliyev bütün həyatını, fəaliyyətini xalqın, millətin xoşbəxtliyinə, nurlu sabahına həsr edib. Biz Azərbaycanın dahi oğlu Heydər Əliyevlə həmişə fəxr edir, daxilən sonsuz qürur hissləri keçiririk.
Bu fikirləri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov AZƏRTAC-a müsahibəsində deyib.
F.Salmanov Ümummilli Liderin elmə, təhsilə daim böyük diqqət göstərdiyini söyləyib.
Əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan Famin Salmanov Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. O, müdrik şəxsiyyət Heydər Əliyevin işıqlı xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.