Ulu Öndərin ömür yolu doğma torpağa, xalqa məhəbbət və sədaqət meyarına çevrilib
AzerTAg.az
Balakən, 23 may, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın tarixi ərzində yetişdirdiyi ən böyük siyasi və dövlət xadimlərindən olan Ümummilli Lider Heydər Əliyevin keçdiyi ömür yolu doğma torpağa, xalqa məhəbbət və sədaqət meyarına çevrilib. Dahi rəhbərin sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə mayın 23-də Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbirdə səsləndirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatında keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərin xatirəsinə həsr edilmiş film nümayiş olunub.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi respublikamızda və onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilməkdədir. “Heydər Əliyev İli” çərçivəsində keçirilən hər bir tədbir Ulu Öndərə olan ümumxalq sevgisinin təcəssümü kimi tarixə həkk olunur. Bu tədbirlər Heydər Əliyev epoxasının hər bir mərhələsinə bir daha nəzər yetirilməsi, Ulu Öndərin ideyalarının və irsinin təbliği, o cümlədən böyüməkdə olan nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xalqımız Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərini xatırlamaqla, həm də böyük şəxsiyyətin xatirəsinə dərin ehtiramını ifadə edir.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndərin başladığı işlər eyni əzm və iradə ilə, dəyişən tarixi şəraitin tələblərinə uyğun şəkildə davam etdirilir. Bu uzaqgörən siyasət sabit, davamlı yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirib. Cəmiyyət və dövlət həyatının bütün sahələrində əldə edilən uğurlar dünyanın diqqətini Azərbaycana yönəldib. Yaradılmış böyük siyasi, iqtisadi, hərbi potensial Ulu Öndərin ən mühüm vəsiyyətini şərəflə yerinə yetirməyə imkan verib. Dövlətimizin taleyüklü problemi həll edilib, torpaqlarımızın 30 illik işğalına son qoyulub, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olunub. Azərbaycan Respublikası gələcəyə inamla baxan, dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətə çevrilib.
Tədbirdə YAP rayon təşkilatının sədri Azad Balayev və digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıblar.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.




Xəbərin mətnində orfoqrafik səhv var