REGİONLAR
Ulu Öndərin xidmətləri xalqımız tərəfindən daim fəxarət hissi ilə xatırlanır
Cəlilabad, 10 dekabr, İlkin Adıyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilən “Xalqa bağışlanan ömür” adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları Ulu Öndərin Cəlilabad şəhərinin mərkəzi parkında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı konfransdakı çıxışında Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətləri barədə ətraflı çıxış edib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxarət hissi ilə xatırlanır, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.
Həmçinin otuz il işğal altında qalan torpaqlarımızın Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən 44 gündə azad edilməsindən də danışılıb, hazırda Qarabağda genişmiqyaslı tikinti-quruculuq işlərinin görüldüyü diqqətə çatdırılıb.
Konfrans digər çıxışlarla davam edib. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada söz və nüfuz sahibinə çevrilməsindən bəhs olunub.