ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyev elm və təhsilə xüsusi diqqət və qayğı göstərib
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov respublikamızda xalqımızın böyük oğlu Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr edilən müxtəlif tədbirlər keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, ölkəmiz dəyişir, yeniləşir, müasirləşir və milli təhsil sistemimiz də buna uyğun olaraq yenilənir. Bugünkü konfrans da bu yeniliyin bir nümunəsidir. Elmə gedən böyük yolun belə konfranslardan başlandığını deyən rektor tədbirin işinə uğurlar arzulayıb.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov qeyd edib ki, ulu öndər Heydər Əliyevin xalqımızın öz milli varlığını təsdiq etməsində, müstəqil dövlətimizin qurulmasında və güclənməsində, ölkəmizin dünya miqyasında tanınmasında böyük xidmətləri olub. Ulu Öndər həmişə elm və təhsilə xüsusi diqqət və qayğı göstərib. Belə konfranslar universitetimizdə intellektual potensialın güclənməsinə səmərəli təsir edir.
İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyev, ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva konfransların gənclərin elmi fəaliyyətə cəlb edilmələrinə müsbət təsir göstərdiyini vurğulayıblar.
Elmi-praktik konfrans işini bölmə iclaslarında davam etdirib, ümumilikdə 94 məruzə dinlənilib.
Ən yaxşı məruzələrin müəlliflərinə diplomlar təqdim olunub.