SİYASƏT


Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Təbrizdə qeyd edilib

Tehran, 8 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ölkəmizin Təbriz şəhərindəki Baş Konsulluğunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, baş konsul Əliyənnağı Hüseynov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin həyatı və siyası fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Müstəqil Azərbaycan dövlətinin inkişafının əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb. Həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev respublikamızı geridə qalmış bir ölkədən dünya birliyində layiqli yerini tutan və dinamik inkişaf edən dövlətə çevirib. Müstəqilliyimizin ilk illərində işğala və təzyiqlərə məruz qalan Azərbaycanda məhz Heydər Əliyevin siyasəti nəticəsində sabitlik bərpa edildi. Ölkəmizin təbii sərvətlərindən xalqın rifah halının yüksəldilməsi üçün istifadə olundu və Azərbaycana investisiya axını başladı. Heydər Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində Azərbaycan inkişafa qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasını, onun uzaqgörən və müdrik siyasətini keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan iqtisadi baxımdan dünyanın ən dinamik ölkələrindən birinə çevrilib. Prezidentin gərgin əməyi və yorulmaz fəaliyyəti ilə respublikamızda aparılan islahatlar və əldə olunmuş böyük nailiyyətlər sayəsində ölkəmiz sürətlə və hərtərəfli inkişaf edir.

Konsul nəzərə çatdırıb ki, Azərbaycanın özü qədər əbədi olan Heydər Əliyevin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir.

Sonra Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Qeyd edək ki, İran İslam Respublikasının Təbriz şəhərində nəşr olunan və bütün İran ərazisində yayılan “Ərk” qəzetində Baş Konsulluğun təşəbbüsü ilə “10 may Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür” adlı məqalə dərc edilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.