SİYASƏT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Türkmənistanda qeyd edilib
Aşqabad, 10 may, AZƏRTAC
Azərbaycanın Türkmənistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, səfir Həsən Zeynalov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, xalqımız və dövlətimiz qarşısındakı xidmətləri haqqında danışıb. Müasir Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyevin xidmətlərindən bəhs edən səfir onun həyatının ayrı-ayrı dövrlərinin tədqiq edilməsinin, bu barədə əsərlərin yazılmasının və filmlərin çəkilməsinin vacibliyini vurğulayıb. Səfir bu əsərlərin gənc nəslin Azərbaycanın ən yeni tarixində baş verənləri, həmin dövrdə ölkəmizin üzləşdiyi təhlükələri bilməsi, Heydər Əliyevin zəkası və fədakarlığı ilə bu təhlükələrdən necə xilas olduğunu anlaması, eləcə də onun həyat yolunu, amalını özünə nümunə götürə bilməsi baxımından əhəmiyyətindən bəhs edib.
Heydər Əliyevin fenomenal şəxsiyyət olduğunu bildirən diplomat onun hər zaman yaradıcı insanlara, ziyalılara, gənclərə, ölkəsi üçün faydalı olan şəxslərə, diaspor nümayəndələrinə xüsusi diqqət və qayğı göstərdiyini deyib. Səfir daha sonra Heydər Əliyevlə bağlı xatirələrindən söhbət açaraq, onun insani xüsusiyyətləri haqqında maraqlı məqamlardan danışıb.
Sonra tədbir iştirakçıları çıxış edərək Heydər Əliyevin xalqımızın, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyində oynadığı əvəzsiz roldan danışıblar. Heydər Əliyevin qardaş Türkmənistana və türkmən xalqına da hər zaman diqqət göstərdiyi, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin yüksək səviyyədə olması üçün əlindən gələni etdiyi bildirilib.
Çıxışlardan sonra tədbir iştirakçıları Ümummilli Liderin gənclik illərindən bəhs edən sənədli-bədii filmə baxıblar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad