SİYASƏT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Serbiyada qeyd olunub
Belqrad, 10 may, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən Belqradda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Serbiya-Azərbaycan dostluq cəmiyyətinin üzvləri, Belqradda fəaliyyət göstərən “AzVirt” şirkətinin və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə “Taşmaydan” parkına gələrək Ümummilli Liderin burada ucaldılmış abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, önünə əklil qoyub, gül dəstələri düzüblər. Daha sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz, sadəcə, uşaqlar idik" abidəsini ziyarət edib, hər iki abidənin önünə gül dəstələri düzüblər.
Çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin xilasında, möhkəmləndirilməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında xidmətlərindən və dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından bəhs edib. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə qonaqlara minnətdarlıq bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad