CƏMİYYƏT
Ülvi Mehdiyev: “ASAN xidmət” modelinin digər ölkələrə ixracı istiqamətində işlər görülür VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Bu yaxınlarda Özbəkistanda növbəti anlaşma sazişi imzalanıb. Bu bizim beynəlxalq tərəfdaşlarımızla bağladığımız 12-ci müqavilədir. Həmin ölkələrin 10-da “ASAN xidmət” modelinin ixracı ilə bağlı işlərə başlanılıb. Tacikistan və Qırğızıstan da “ASAN xidmət” modelinin ixracı ilə əlaqədar müraciət edib. İxrac istiqamətində işlər aparılır. Təkcə “ASAN xidmət” modeli yox, ümumiyyətlə Azərbaycanın IT həlləri proqramları da digər ölkələrə ixrac olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib.
Ülvi Mehdiyev, həmçinin deyib: “Xarici ölkələrdə yaşayan azərbaycanlıların “ASAN xidmət” modelindən yararlanması üçün Diasporla İş üzrə Dövlət Komitəsi ilə sazişimiz var, Tədbirlər Planı hazırlanıb. Hazırda bu istiqamətdə tədbirlər görülür. Ölkə dəqiqləşəndən sonra “ASAN xidmət” dövlət xidmətlərini həmin ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təqdim edəcək.
Bu il, ümumilikdə, 5 “ASAN xidmət” mərkəzi açılacaq. İlin sonuna qədər Şamaxı, Tovuz, Kürdəmir, Ağcabədi və Balakəndə “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək. Həmçinin Quba və Tovuz şəhərlərində “ABAD”ın iki fabriki fəaliyyətə başlayacaq. Onların da əsas fəaliyyəti həmin regionda yaşayan ailə təsərrüfatlarına dəstək olmaqdan ibarətdir”.