CƏMİYYƏT
Ülviyyə Axundova: 2020-ci ilin “Könüllülər ili” elan edilməsi Azərbaycan gəncliyinin inkişafında mühüm hadisədir
Bakı, 9 yanvar, Həsrət Mahmudova, AZƏRTAC
Geridə qoyduğumuz və uğurlu tədbirlərlə yadda qalan “Nəsimi ili”ndən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi Azərbaycan gəncliyinin inkişafında mühüm hadisədir. Sağlam düşüncəli gənclərimizin sosial həyata atılması və ictimai fəaliyyətlə məşğuliyyətində könüllülük çox önəmli rol oynayır. Əminliklə deyə bilərik ki, on minlərlə Azərbaycan gənci müxtəlif gənclər təşkilatları, könüllülük hərəkatları vasitəsilə bilik, təcrübə və bacarıq əldə edib. Könüllü gənclərimiz istər yerli, istərsə də beynəlxalq miqyaslı tədbirlərdə iştirak edərək mühüm və zəngin təcrübəyə yiyələniblər.
Bunu “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova AZƏRTAC-a açıqlamasında söyləyib.
Təmsil etdiyi təşkilatın da ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına töhfə verdiyini vurğulayan Ü.Axundova deyib: “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyində fəaliyyət göstərən könüllü gənclərimizin timsalında deyə bilərik ki, tələbə olduqları dövrlərdə gənclərimiz sağlam düşüncə ilə özünü inkişaf etdirərək müxtəlif sahələrdə uğurlar qazanıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu dövlətçilik siyasətini dəstəkləyən könüllü gənclər ölkəmizin suverenliyi və tərəqqisi üçün yorulmadan fəaliyyət göstərirlər. Dövlətimizin başçısının Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi və bu il ərzində görüləcək işlər gənclərimiz üçün çox geniş imkanlar yaradacaq”.