SİYASƏT
Ulyanovskda yaşayan azərbaycanlı gənclər Milli Mədəniyyət Gününü qeyd ediblər
Bakı, 30 yanvar, AZƏRTAC
Ulyanovsk Azərbaycanlı Tələbələr Klubu (UAKT) və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional nümayəndəliyinin gənc fəalları Milli Mədəniyyət Gününü qeyd ediblər.
Tələbə klubundan AZƏRTAC-a verilən məlumata görə, S.T.Aksakov adına vilayət Uşaq və Gənclər Kitabxanasında keçirilən tədbirdə milli-mədəni muxtariyyətin çoxsaylı üzvləri və onların digər milli icmalardan olan dostları iştirak ediblər. Tədbir iştirakçılarına mahnı və rəqs nömrələri, yumoristik səhnəciklər, poetik çıxışlar təqdim edilib. Tamaşaçılara Azərbaycan Respublikasının bayrağı və gerbi, milli geyimlərin tarixi, görkəmli mədəniyyət xadimləri barədə məlumat verilib, kiçik viktorina keçirilib.
Gecənin sonunda xalq rəqsi ifa ediləndə tədbir iştirakçılarının hamısı rəqs edənlərə qoşulub.
RAGB regional nümayəndəliyinin lideri Üzeyir Hüseynov deyib:
-Azərbaycan xalqının çox zəngin və dərin məzmunlu mədəniyyəti var. Belə tədbirlər keçirməkdə bizim məqsədimiz həm xalqımızın səmimiyyətini nümayiş etdirmək, həm də Ulyanovskda yaşayan azərbaycanlı gənclərin milli ənənələrə sevgi və hörmətini artırmaqdır.
RAGB-nin bu regionda yaşayan fəalları diasporun həyatında yaxından iştirak edir - xeyriyyəçilik və maarifçilik fəaliyyəti ilə məşğul olur, idman yarışları və mədəni tədbirlər təşkil edirlər. Xeyli vaxtdır ki, Ulyanovsk Azərbaycanlı Tələbələr Klubundan olan oğlanlar və qızlar da bizə qoşulublar. İslam Hüseynovun başçılıq etdiyi Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti (URANKA) nəzdində yaradılmış bu klub öz fəaliyyətində ictimai-siyasi tədbirlərə üstünlük verir. Ulyanovsk şəhər Gənclər Dumasında bir neçə nümayəndəmiz var.
Klubun kuratoru Amil Vəliyev deyir:
-Əminəm ki, müasir gənclik siyasətdən kənar qalmamalıdır. Axı, tezliklə bizim nəsil bütün sahələrdə, o cümlədən millətlərarası münasibətlərə dair mühüm qərar qəbul etməli olacaq.
URANKA-nın sədri İslam Hüseynov öz çıxışında tədbirin əsas təşkilatçılarının - Üzeyir Hüseynov, Amil və Ramil Vəliyev qardaşları, Qafur Qasımov, Ümid Fərzəliyev, Elməddin Əhmədov, Fatimə Müslümova, Leyla Müslümova, Vahid Qurbanov, Günel Hacıyeva, Rauf Zeynallı, Vəli Yaqubov və Firəngiz İbrahimovanın adlarını xüsusi qeyd edərək gəncləri ictimai fəaliyyəti daha da genişləndirməyə çağırıb. İ.Hüseynov deyib: “Sizin uğurlarınızla fəxr edirəm və ümidvaram ki, siz daha genişmiqyaslı və parlaq aksiyalar həyata keçirəcəksiniz. Sizi əvəz edəcək əla nəsil yetişir. Sağ olun, uşaqlar”.