CƏMİYYƏT
Umayra Tağıyeva: Sentyabrın birinci ongünlüyündə bəzi günlər arasında olan temperatur fərqi 20°-yə çatıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Bu il sentyabr ayı nisbətən mülayim temperatur rejimi ilə səciyyələnsə də, birinci ongünlükdə bəzi günlər arasında olan temperatur fərqi 20°-yə çatıb. Buna misal olaraq, sentyabrın 2-də Bakıda temperaturun 36.1°, Sumqayıtda 38.2°-dək yüksəlməsini, sentyabrın 8-də və 19-da isə 17.5° isti olmasını qeyd etmək olar. Elə bircə bu fakt iqlim dəyişmələrinin təzadlı olmasını göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Qısa müddətdə biz respublika üzrə 6 dəfə dolu hadisəsinin, leysan xarakterli güclü yağışlar nəticəsində Böyük Qafqaz ərazisindən axan Talaçay-Zaqatala, Balakənçay-Balakən, Əyriçay-Baş Daşağıl məntəqələrindən, Lənkərançay-Sifidor məntəqəsindən, Katexçaydan keçən qısamüddətli sel hadisələrinin şahidi olmuşuq”, - deyə U.Tağıyeva qeyd edib.
Xidmət rəisinin sözlərinə görə, ümumilikdə Bakıda havanın orta sutkalıq temperaturu 24.5° isti təşkil edib ki, bu da normadan 1.7° yüksəkdir. Sentyabrda havanın temperaturu 17 gün normadan yüksək (1.0-5.5°), 4 gün isə normadan aşağı olub. Bakıda əsasən şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 28 metr/saniyəyə çatıb: “Çoxillik meteoroloji müşahidələrə görə, sentyabr ayı üzrə ən isti hava Bakıda 2003-cü ilin sentyabrın 1-də qeydə alınıb. Həmin gün havanın maksimal temperaturu 37.6° isti olub. Sentyabr ayı üzrə ən soyuq hava isə 1956-cı il sentyabrın 26-da Bakıda qeydə alınıb. Həmin tarixdə havanın minimal temperaturu 6.9° isti olub.
Ölkə ərazisində yağıntılar ay ərzində qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 23, Qazax-Gəncə zonasında 45, Zaqatalada 134, Balakəndə 175, Mərkəzi Aran zonasında 17, Lənkəran-Astara zonasında 110 faizini təşkil edib”.