İDMAN


Ümumdünya Antidopinq Agentliyi və AMADA rəhbərliyi arasında görüş keçirilib

Bakı, 4 mart, AZƏRTAC

Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) prezidenti Vitold Banka, baş direktoru Olivie Niqli ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli arasında görüş keçirilib.

AMADA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında keçirilən görüşdə ÜADA-nın 2020-2024-cü illər üzrə strateji planında müəyyənləşdirilmiş hədəflərlə bağlı görülmüş işlər müzakirə edilib, milli antidopinq təşkilatları və digər tərəfdaşlarla əməkdaşlığın vacibliyi vurğulanıb. Gündəlikdə duran digər bir məsələ isə idmançıların antidopinq proseslərinə cəlb edilməsi ilə bağlı olub.

Görüşdə, həmçinin ÜADA-nın fəaliyyətinin səmərəliliyinin artırılması üçün təhsil, araşdırma və inkişaf istiqamətlərində istifadə etmək üçün əlavə maliyyə mənbələrinin cəlb olunması və Antidopinq Həmrəylik Fondunun fəaliyyət mexanizmi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələrdə ÜADA-nın idarəetmə prinsip və mexanizmlərinin təkmilləşdirilməsi barədə 2018-ci ilin noyabrında Bakıda keçirilən Təsisçilər Şurası və İcraiyyə Komitəsinin qərarı üzrə indiyədək atılmış addımlar da diqqət mərkəzində olub.

Bundan əlavə, ABŞ tərəfindən qəbul edilmiş “Rodçenkov Antidopinq Aktı”nın xüsusiyyətləri və praktiki tətbiqi ilə bağlı yaranan suallar, habelə İdman Arbitraj Məhkəməsinin (CAS) RUSADA ilə bağlı qərarı və bunun nəticələri barədə fikir mübadiləsi aparılıb.

ÜADA-nın prezidenti Vitold Banka bildirib ki, idmanda bütövlüyün qorunması bütün maraqlı tərəflər arasında səmərəli əməkdaşlıq tələb edir. Buna görə bu cür görüşlərin keçirilməsi görülmüş və görüləcək işlərin səmərəliliyi baxımından vacibdir. Vitold Banka ÜADA-nın fəaliyyətindəki yeniliklər, o cümlədən 2021-ci il Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqində qarşıya çıxan məsələlərdən danışıb.

Görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli ölkəmizdə antidopinq sahəsindəki vəziyyət, baş verən yeniliklər, yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı görülən işlər və AMADA-nın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.