ELM VƏ TƏHSİL
Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət neft siyasətinin banisidir
Bakı, 20 sentyabr, AZƏRTAC
Bakı Dövlət Sosial–İqtisadi Kollecində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət neft siyasətinin banisidir” mövzusunda seminar keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, 20 sentyabr - Neftçilər gününə həsr olunan tədbirdə kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov tədbirin tələbələrin iqtisadi, elmi-praktik biliklərinin artmasında əhəmiyyətli rolu oynayacağına əminliyini ifadə edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, professor Məhəbbət Məmmədov video-təqdimatında Azərbaycan neftinin qədim tarixi və ölkəmizin neft-qaz sənayesinin inkişaf mərhələləri, həmçinin son illərdə əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib. Alim xüsusi vurğulayıb ki, ölkəmizin bugünkü tərəqqisi, sivil dünya birliyinə uğurlu inteqrasiyası 1994-cü ildə imzalanan, ümummilli lider Heydər Əliyevin uzaqgörən zəkasının, müdrik vətənsevərliyinin təcəssümü olan “Əsrin müqaviləsi”nin məntiqi nəticəsidir. Həmin tarixdən Azərbaycan öz nefti ilə yeni status qazanıb, əldə olunan gəlir xalqımızın, dövlətimizin sosial-iqtisadi inkişafına yönəlib.
1992-ci ildə Naxçıvanda Ulu Öndər ilə unudulmaz görüşünü xatırladan M.Məmmədov deyib ki, hələ o zaman dahi siyasətçi Azərbaycanın zəngin neft-qaz resurslarının gələcəkdə dövlət müstəqilliyimizin etibarlı təminatı olacağını bildirib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət enerji siyasətinin Prezident İlham Əliyevin siyasi iradəsi, müasir qlobal siyasətin tələblərinə uyğun davam və inkişaf etdirməsi sayəsində “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılıb. Həmçinin ölkəmiz Avropanın enerji təminatında böyük əhəmiyyətə malik beynəlxalq layihələri uğurla həyata keçirib. Xalqımız Neftçilər gününü qeyd etməklə həm də bu çətin peşə sahiblərinin fədakar əməyinə hörmətini və böyük nailiyyətlərinə görə onlara öz ehtiramını bildirir.
İnteraktiv formada keçirilən tədbirdə tələbələrin çoxlu sayda sualları cavablandırılıb, onların neft sənayesinə dair bilikləri dəyərləndirilib.
Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla təmsil etdiyi qurumun maarifçilik layihələri barədə ətraflı məlumat verib, tələbələri bu təşəbbüslərdə fəallıq göstərməyə çağırıb.