CƏMİYYƏT
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Suraxanı rayonunda inşa yazı müsabiqəsi keçirilib
Bakı, 10 dekabr, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının təşəbbüsü ilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Xalqa bağışlanan ömür” adlı inşa müsabiqəsi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Zülfiyyə Mustafayeva tədbirdə çıxış edərək müsabiqənin keçirilməsində məqsədin ulu öndər Heydər Əliyevin xatirəsinin yad olunması, Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda istedadlı gənclərin üzə çıxarılması olduğunu bildirib.
YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Salman Əbdülov dahi şəxsiyyət Heydər Əliyevin bütün məsələlərə dövlət və dövlətçilik prinsiplərindən yanaşdığını, onun Azərbaycanın, eləcə də YAP-ın gələcəyini daim gənclərdə gördüyünü vurğulayıb.
Müsabiqənin nəticələrinə əsasən ilk üç yeri tutan, eləcə də fərqlənən iştirakçılar Suraxanı Rayon Gənclər və İdman İdarəsinin və YAP rayon təşkilatının diplomları ilə təltif olunublar.