SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Əmmanda tədbir təşkil olunub
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycanın İordaniyadakı səfirliyi tərəfindən ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Əmman şəhərinin Bədr rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə təşkil olunan mərasimdə Azərbaycan diplomatları ilə yanaşı, Böyük Əmman Bələdiyyəsinin məsul əməkdaşları, Əmman şəhərinin Bədr rayon bələdiyyəsinin sədri və üzvləri, İordaniyanın yerli KİV nümayəndələri, Azərbaycan icmasının fəalları iştirak ediblər.
Əvvəlcə tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra səfir Rasim Rzayev tədbirdə iştirak edən qonaqlara görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb, Ümummilli Liderimizin rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzunun artdığını, Heydər Əliyevin müstəqilliyimizin əbədi və dönməz olmasında müstəsna xidmətlərini qeyd edib. Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğu, bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etdiyi, məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyi diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin Ulu Öndərimizin siyasətinin layiqli davamçısı olan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağın 44 günlük Vətən müharibəsində işğaldan azad olunduğu qeyd olunub.