MƏDƏNİYYƏT
“Unudulmayan tarix: abidələrimiz” Möminə Xatun türbəsi VİDEO
Bakı, 18 yanvar (AZƏRTAC). AZƏRTAC Azərbaycan tarixindən bəhs edən yeni bir layihə təqdim edir.
“Unudulmayan tarix: abidələrimiz” adı altında təqdim edilən videosüjetlərdə xalqımızın tarixinin sübutu olan qala və tikililər, qədim abidələr barədə məlumat verilir.
AZƏRTAC xəbər verir ki, “Unudulmayan tarix: abidələrimiz”in ilk nömrəsi qədim və müasirliyi özündə birləşdirən, yaşı min illərlə ölçülən Naxçıvan abidələrindən biri- Möminə Xatun türbəsindən bəhs edir.
Videosüjetdə türbənin tikilmə tarixi barədə ətraflı məlumat verilir. Bildirilir ki, Naxçıvan memarlığının şah əsərlərindən olan bu abidəni Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgizin xanımı Möminə Xatunun qəbri üzərində inşa etdirməyə başlamışdır. Onun tikintisini isə oğlu Məhəmməd Cahan Pəhləvan başa çatdırmışdır.
Yaddaşlarda “Atabəy günbəzi” adı ilə qalan bu abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılmışdır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgiz, onun arvadı Möminə Xatun və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşlar.
Mərkəzdə yerləşmiş sütunun küncləri tağşəkilli formadadır.
Günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon vardır. Bişmiş kərpicdən tikilmiş Möminə Xatun türbəsinin küncləri çıxıntı şəklində, səthləri isə batıq formadadır. Memarın adını və abidənin inşa tarixini göstərən kitabələr isə baş tağın yuxarısında həkk edilmişdir.
Abidə Azərbaycanın qədim tarixinin, dövlətçiliyinin, mədəniyyətinin, zəngin Naxçıvan memarlıq məktəbinin sübutudur.