MƏDƏNİYYƏT
Unudulmaz muğam ustası
Bakı, 17 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Paytaxtdakı 11 nömrəli onbirillik musiqi məktəbində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, öz bənzərsiz ifası ilə hafizələrdə silinməz iz qoymuş görkəmli xanəndə Seyid Şuşinskinin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Rövşən Məmmədov görkəmli muğam ustasının həyat və yaradıcılığı barədə məlumat verib.
Xalq Artisti, tanınmış muğam ifaçısı Əlibaba Məmmədov Azərbaycan musiqisinin inkişafında milli koloritə malik gur səsə, şaqraq zəngulələrə malik olan böyük xanəndə Seyid Şuşinskinin əvəzsiz xidmətlərindən danışıb. Onun ifa etdiyi muğam və təsniflərin dərsliyə salındığını, ifa etdiyi bir sıra mahnıların isə lentə alındığını söyləyib. Ə.Məmmədov onun qızıl fondda saxlanan ifalarını əvəzsiz yadigarlar kimi qiymətləndirib.
Yubiley tədbirində xanəndənin lent yazıları səsləndirilib və musiqi məktəbində təhsil alan şagirdlərin ifaları dinlənilib.