REGİONLAR
Unudulmuş sənətkarlardan bəhs edən yeni kitabın təqdimatı keçirilib
Gəncə, 24 may, Rauf Hacıyev, AZƏRTAC
Teatrşünas-tənqidçi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Anar Burcəliyevin sayca beşinci olan “Məqalələrim, resenziyalarım, oçerklərim və müsahibələrim” adlı kitabının təqdimatı keçirilib.
Gəncə Mərkəzi Kitabxanasının oxu zalında keçirilən təqdimatda Türkiyə Cümhuriyyətinin Baş konsulluğunun əməkdaşları, şəhər ziyalıları, yazıçı və şairlər, elm və sənət adamları, oxucular iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, kitabın elmi redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Xəzər Gəncəli kitab və onun əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat verib.
Yazıçı-dramaturq Nüşabə Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, şairə-dramaturq Xəzangül, yazıçı Qərib Mehdi, şairə-dramaturq Aləmzər Əlizadə, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq Sahib İbrahimli, AMEA Gəncə filialının şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva və başqaları Azərbaycan ədəbi və mədəni mühitinə yeni töhfə olan “Məqalələrim, resenziyalarım, oçerklərim və müsahibələrim” kitabı haqqında öz fikirlərini söyləyiblər.
Müəllif, teatrşünas-tənqidçi Anar Burcəliyev kitabın necə ərsəyə gəlməsindən danışıb, əsas məqsədinin unudulmuş sənətkarları yada salmaq, yeni nəslə tanıtdırmaq olduğunu deyib.
Daha sonra müəllif yeni nəşr olunan kitabını Gəncə Mərkəzi Kitabxanasının oxu zalına və təqdimat mərasimində iştirak edən qonaqlara hədiyyə edib.
Xatırladaq ki, teatrşünas-tənqidçi Anar Burcəliyevin “Məqalələrim, resenziyalarım, oçerklərim və müsahibələrim” kitabı “Aytac Nəşriyyat Poliqrafiya” MMC-nin mətbəəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Xəzər Gəncəlinin elmi redaktorluğu və Eşqin Nağıyevin redaktorluğu ilə nəfis tərtibatda nəşr olunub.