DÜNYA
Uruqvay COVID-19-dan gündəlik ölüm halına görə ilk yerdə qərarlaşır
Madrid, 8 may, AZƏRTAC
Uruqvay ölkə əhalisinin sayına nisbətdə COVID-19-dan gündəlik ölüm halları üzrə dünya ölkələri sırasında ilk yerdə qərarlaşır.
AZƏRTAC xəbər verir ki, “Our World in Data” onlayn-nəşrinin məlumatlarına görə, ölkə əhalisinin bir milyon nəfərinə nisbətdə 17,31 ölüm faktı qeydə alınır.
Bu rəqəm regionun qalan hissəsi ilə müqayisədə xeyli yüksəkdir. Belə ki, Cənubi Amerikada orta hesabla hər milyon nəfərə nisbətdə 8,88 ölüm hadisəsi baş verir.
Uruqvaydan sonra bu siyahıya Makedoniya (16,73 milyon nəfər), Macarıstan (14,80), Paraqvay (12,06), Bosniya və Herseqovina (11,84) və Xorvatiya (10,93) yer alıb. Siyahıya daha sonra Braziliya (10,90), Bolqarıstan (10,18), Kolumbiya (9,24), Argentina (9,22) və Peru (8,37) daxildir.
Milli Fövqəladə Hallar sisteminin (Sinae) gündəlik hesabatına əsasən, martın 13-dən Uruqvayda 217031 yoluxma və 3026 ölüm halı qeydə alınıb. Hazırda ölkədə 541 nəfər intensiv terapiya şöbəsinə yerləşdirilib. Uruqvay intensiv terapiya Cəmiyyətinin (SUMİ) gündəlik hesabatına görə, çarpayıların 55,9 faizini COVID-19 xəstələri tutur.
Mayın 6-na olan məlumata görə, Uruqvayda 1 218 019 nəfər peyvənd olunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid