CƏMİYYƏT
Uşaq evləri və internat məktəblərinin şagirdləri arasında bədii-yaradıcılıq festivalı keçirilib
Bakı, 18 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Xəzər rayonundakı 2 saylı internat məktəbində uşaq evləri və internat məktəblərinin şagirdləri arasında bədii-yaradıcılıq festivalı keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən qurumun sektor müdiri Zamin Əhmədov bu qəbildən olan uşaqların, eləcə də gənc istedadların daim dövlətin diqqət və qayğısı ilə əhatə edildiyini vurğulayıb. O, uşaqların yaradıcı qabiliyyətlərinin üzə çıxarılması, gələcəkdə onların istedadlı şəxsiyyət kimi formalaşması istiqamətində görülən işlərin, həyata keçirilən tədbir, layihə və müsabiqələrin önəmindən danışıb.
Festivalda iştirak edən kollektivlər musiqi, rəqs, teatr və poeziya nominasiyaları üzrə məharətlərini göstəriblər.
Müsabiqənin sonunda iştirakçılara Baş İdarə tərəfindən mükafat və hədiyyələr təqdim olunub.