MƏDƏNİYYƏT
Uşaq musiqi məktəbinin beynəlxalq müsabiqədə uğuru
Bakı, 6 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli uşaq musiqi məktəbi İsveçin Stokholm şəhərində keçirilən “Sweden's Talents” çoxjanrlı XII beynəlxalq müsabiqədə uğurla çıxış edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi ən yaxşı yaradıcı kollektivləri tanıtmaq, istedadlı və bacarıqlı şəxsləri aşkar etmək, uşaq və gənclər üçün yaradıcılıq əlaqələri imkanları yaratmaq, müxtəlif ölkələrin mədəniyyət və incəsənəti ilə tanış olmaqdır. Müsabiqə vokal (akademik, estrada, xalq), instrumental, xoreoqrafiya, teatr sənəti və başqa nominasiyalar üzrə keçirilib.
Müsabiqədə məktəbin şagirdləri Nicat Muxtarov, Ramaldan Ramaldanov, İbrahim Qasımov uğurla çıxış edərək münsiflər heyəti tərəfindən Qran-Pri mükafatına layiq görülüblər. Şagirdlərin müəllim və konsertmeysterleri də təşəkkürnamə ilə təltif olunublar. Həmçinin Nicat Muxtarov və Ramaldan Ramaldanov Yaponiyada keçiriləcək “Open Japan” beynəlxalq müsabiqəsində iştirak etmək üçün sertifikat əldə ediblər.