ELM VƏ TƏHSİL
Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi mövzusunda müsabiqə-konfrans təşkil olunacaq
Bakı, 13 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda müsabiqə-konfrans keçiriləcək.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müsabiqə-konfransın əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işləri daha da gücləndirməkdir.
Müsabiqə-konfrans məktəb, rayon və şəhər üzrə 3 mərhələdə keçiriləcək. Ümumtəhsil müəssisələrində təşkil olunacaq I mərhələdə (fevralın 13-26-da) seçilmiş ən yaxşı tədqiqat işləri paytaxt üzrə rayon mərhələsində (fevralın 27-dən martın 19-dək) iştirak etmək hüququ qazanacaq. Konfrans şəklində keçiriləcək III mərhələdə isə II mərhələnin qaliblərinin ən yaxşı tədqiqat işləri dinləniləcək və onların arasından qaliblər seçiləcək.
Sonda BŞTİ tərəfindən müsabiqədə qalib gəlmiş 6 iştirakçıya diplom və hədiyyələr, şəhər mərhələsinin iştirakçılarına isə sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, bu müsabiqə-konfrans təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrasını təmin etmək məqsədilə keçirilir.